Tarix
və coğrafiya bölümünə aid 13 kitab tərcümələrlə birlikdə;
İngilis
dilində -
1) “Christopher Columbus, Nasiraddin Tusi and
real discovery of America”.
2)“Enigmatic discovery of Brazil”.
3) “The scientist passed ahead of centuries – Nasiraddin
Tusi”.
4) “Amerigo Vespucci, Martin
Waldsemuller – secret bargain”.
Rus
dilində -
5)
«Христофор Колумб, Насирэддин Туси и
подлинная история открытия Америки».
6) «Загадочное открытие Бразилии».
7)
«Насирэддин Туси – ученый, опередивший века».
8) «Америго Веспуччи, Мартин Вальдземюллер – тайный
сговор».
İspan
dilində -
9) “Américo Vespucio, Martin Waldseemüller –
el convenio secreto”.
Azərbaycan dilində
10) “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika
qitəsinin həqiqi kəşfi”.
11) “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”.
12) “Braziliyanın müəmmalı kəşfi”.
13)
“Ameriqo Vespuççi, Martin Valdzemüller – gizlin sövdələşmə”.
Ədəbiyyat bölümünə aid 6 kitab;
14)
“Yeni Dünya sahillərinə yollanan konkistadorlar”.
15) “Konkistadorların Mərkəzi Çili sahillərində
faciəli ölümü”
16)
“Müqəddəs missiya”.
17) “Cənnətə gedənlər cəhənnəmə düşürlər”.
18) “Qəlblərdə
yaşayan Mir Cəlal”
19)
“Fitva”
20) “Həqiqət”.
21) “Qismət”.
22)
“Aqibət”.
23)
“Müharibə və humanizm”
Əsərlərin
annotasiyaları:
Azərbaycan ədəbiyyatına novator
əsərlər kimi daxil olmuş, tarixi-coğrafi macəra janrındakı çitrlogiya;
1) I cild “Yeni Dünya sahillərinə yollanan konkistadorlar” tarixi-bədii roman
– 616 səhifə.
“Konkistadorların ölümü” adlı silsiləsindən
olan bu əsərdə ispan zadəganlarının tarixin gedişatına təsir edəcək, bir
prosesdə iştirakından bəhs edir. Onlar kral naminə müxtəlif müharibələrdə şücaət
göstərsələr də, kef məclislərini, vaxtlarını mənasız keçirməyi, istirahəti özləri
üçün ayıb sayır səfərbərliyi və hələ də ram edilməmiş imperiya düşmənlərinə
qarşı növbəti müharibədə döyüşmək üçün yeni ölümsaçan savaş ocağına
yollanırlar. Lakin bu dəfə Avropanın müharibə teatr meydanlarına yox,
konkistador kimi uzaq Mərkəzi Çilidə yerləşən Araukaniyaya üz tuturlar. Mənzil
başına çatmaq üçün konkistadoplar iki okeanı, o cümlədən böyük materikin təlatümlü
cənub sahil boyu ilə on minlərlə km. məsafəni qət edirlər. Əsərdəki hadisələr
XVI əsrin 90-cı ilində həm Kataloniyada, həm də Peru və Çilidə cərəyan edir və
oxuculara həmin dövrə qədər baş vermiş mühüm coğrafi kəşflər və məşhur dəniz səyyahları
haqqında maraqlı məlumatlar təqdim olunur.
2)
II cild - “Konkistadorların Mərkəzi Çili sahillərində
faciəli ölümü” tarixi-bədii romanı - 714 səhifə.
Əsərdə köstərilir ki, hər hansı
bir xalq öz müstəqilliyi uğrunda mübarizə aparmaq üçün ayağa qalxanda, yadelli
işğalçılara qarşı kəskin mübarizə aparmalı, onlarla sərt və amansız olmalı,
mübarizə vaxtı azadlığı və müstəqilliyi müqəddəs bir amal kimi hər şeydən üstün
tutmalıdırlar. İspanların əsarəti altına düşmüş Amerika qitəsində yaşayan başqa
hindu tafalarının aqibəti göz qabağında idi. Əsarət altına düşənlər kölə
vəziyyətinə düşmüş və birdəfəlik azadlıqdan, dövlət müstəqilliyindən məhrum
olunmuşdular. Araukanlar isə başqa tayfalar kimi qul olmaq və yadelli
işğalçılardan asılı olmaq istəmir, ölümün üzünə dik baxaraq silaha sarılmış və
əsrlər boyu (300 il) uzanan amansız və dəhşətli mübarizəyə qalxırlar.
Cənubi Çilinin kəşfində və
mənimsəməsində böyük rol oynamış, tanınmış ispan konkistadoru Pedro Valdiviya
bir neçə il araukanlara qarşı müharibə aparmış, 1553-cü ilin dekabrında onlara
əsir düşmüş və edam edilmişdi. Azadlığı hər şeydən üstün tutan araukanlar
ispanlarla heç bir kompromissə getmirdilər.
Araukanların düşmənə qarşı
mübarizəsi yenilməzlik, məğlubedilməzlik və cəsurluq simvoluna çevrilmişdir.
Onların bəziləri Çilidə yaranmış ictimai quruluşun, siyasi vəziyyətin, mövcud
qayda-qanunun fərdi mübarizə nəticəsində dəyişdirilə biləcəyinə o qədər də
inanmırdılar, amma bununla bərabər üsyankarlıqdan əl çəkmir, tam qalib
gəlməsələr də, bu məqsəd uğrunda vuruşur, həlak olur, azadlığı heç olmazsa
ölümdə görürdülər.
Əsərdə Fernan Magellanın
ekspedisiyası və həmin ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi,
ispan konkistadoru Pedro Valdiviyanın Çiliyə olan yürüşləri, Vasko de Balboanın
ekspedisiyası və Panama ilə Sakit okeanın kəşfi, haqqında, Roma papası İspaniya
ilə Portuqaliya) arasında dünyanı necə bölüşdürür, Araukaniya ölkəsinin flora və
faunası, Buenos-Ayresin əsasının qoyulması, Cəbəllüttariq qalası və onun
tarixi, “Məğlubedilməz armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə
Lepanto dəniz döyüşləri, Kanar və Madeyra adaları haqqında maraqlı məlumatlar
humanitar fakultələrdə təhsil alan tələbələrin marağına səbəb olacaq. Xüsusən
də Xristofor Kolumbun kəşfləri haqqında əsl həqiqət və fərziyyələr nəinki adi
oxucuları, hətta coğrafiya elmi ilə dərindən maraqlanan bütün adamları özünə
cəlb edəcək. Amerikanın kəşfinə dair bəzi təkziblər və nüanslar məhz bu kitabda
verilir.
Bütün qəhrəmanların - istər
sərkərdə, istər konkistadorlar, istər alim və səyyahlar, istərsə də araukanlar
olsun hamısı qəlbi vətən eşqi, vətən məhəbbəti ilə döyünür. Əsərin qəhrəmanı
Migel Kartahena səyyahlar nəslindən olsa belə coğrafi kəşfləri genişləndirmək
üçün müəyyən səyahətlərdən imtina edərək, İspaniyanın şan və şöhrətini qorumaq
üçün ispan qanunlarını kobud surətdə tapdalayan yerli hinduları
cəzalandırmaqdan ötrü Yeni Dünya sahillərinə ağır müharibəyə yollanır.
3) III cild - “Müqəddəs missiya” tarixi-bədii
romanı – 553 səhifə.
Birinci cilddən məlumdur ki,
Mərkəzi Çili sahillərinə yollanan ekspedisiya iştirakçıları aborigenlərlə gedən
müharibədə məğlubiyyətə uğrayırlar. Ekspedisiyanın bəzi üzvləri döyüşlərdə həlak
olur, bir çoxları isə araukan hindularına əsir düşürlər. Müharibənin ikinci
mərhələsinə başlamamışdan əvvəl növbəti ekspedisiyanın rəhbərliyi qərara alır
ki, ilk növbədə əsir düşmüş silahdaşlarını əsirlikdən azad etsinlər. Bu
müqəddəs missiyanı yerinə yetirməkdən ötrü 16 nəfərdən ibarət olan təcrübəli,
bacarıqlı və peşəkar döyüşçülərdən ibarət kəşfiyyat dəstəsi təşkil olunur və
həmin dəstə fərdi üsulda düşmənə qarşı sarsıdıcı zərbələr endirərək həmin
missiyanın öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Bununla da, Araukaniyada
gedən müharibənin ikinci mərhələsi başlanır.
4) IV
cild – “Cənnətə gedənlər cəhənnəmə düşürlər” tarixi-bədii
romanı – 559 səhifə.
Bu əsərdə Araukaniyada gedən
müharibənin son fazası əks olunub. Perudan gələn güclü ekspedisiya aborigenlərə
qarşı bir-birinin ardınca sarsıdıcı zərbələr endirir. Ölkənin demək olar ki,
90%-i ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada təsərrüfat işləri
görmək və inzibati orqanlar yaratmaqdan ötrü, Perudan yeni-yeni qüvvələr
gətirdilməyə başladı. Cürbəcür təbəqəni əhatə edən kolondatorlar Araukaniyanı
işğal edilmiş öz torpaqları hesab edirlər. Lakin aylar və illər keçdikcə
burdakı əhalinin döyüşkənliyini, yenilməzliyini və ölkənin sərt iqlimini görən
ispanlar cənnətə yox, cəhhənəmə düşdüklərini dərk edirlər. Qraf Ferdinand
Morelosun səriştəsizliyi ucbatından yüzlərlə əsgərin qanı bahasına əldə edilən
qələbə ispanların əlindən çıxır. Gözlənilməz anda üsyana qalxan araukanlar
böyük qurbanlar hesabına öz ölkələrini işğalçılarından azad edə bilirlər.
5) Erkən
və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri - “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi
kəşfi” – 352 səhifə.
524 il bundan əvvəl Xristofor
Kolumb tərəfindən Amerika qitəsi kəşf edilsə də, çox hallarda hələ də həmin
kəşfin bir çox qaranlıq tərəfi dünya ictimaiyyətini dərin düşüncələrə qərq
edir. Saysız-hesabsız elmi əsərlərdə göstərilir ki, X. Kolumb kəşf etdiyi
torpaqları Şərqi Asiyanın ərazisi ilə səhv salıbdır. Mən, bu əsərimdə sübut
etməyə çalışmışam ki, Genuyalı dəniz səyyahı Atlantikanın qərb hissəsinə yola
düşməmişdən əvvəl, Dördüncü qitənin varlığından, ərazinin hansı meridianda və
Avropadan neçə km. aralı yerləşməsindən, ora hansı cərəyanın köməyi ilə hans
parallel ilə üzməyi, hansı küləklərindən istifadə etməyi əvvəlcədən bilmişdi.
O, bunu nəyə görə dünya ictimaiyyətindən gizlətdiyinin səbəbini açıqlamış və
birmənalı şəkildə bildrmişəm ki, Kolumb çevik siyasəti nəticəsində ispan
monarxları İzabella Kastiliyalı ilə Ferdinand Araqonlunu adadaraq, kəşf etdiyi
nəhəng ərazinin yeganə varisi olmağa çalışmışdı. Əsərin kulminasiyası isə onun
Amerikanın varlığından hali olması başda Nəsirəddin Tusi olmaqla Marağa
rəsədxanasının alimləri mühüm rol oynamışdılar. Yəni, Amerikanın hansı
meridianın sərhədində yerləşməsi astronomik kataloq və coğrafi koordinatlar
cədvəli sayılan “Zic Elxani” adlı
əsərində göstərilmişdir.
Ümumiyyətlə, Amerikanın kəşfi
dünyada ən fenomenal kəşflərdən biri sayılır və Kolumb praktik olaraq həmin
kəşfi həyata keçirmişdir.
6)
Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri
– “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” –
413 səhifə.
“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” adlı əsərində görkəmli alim Nəsirəddin Tusinin
elmi xidmətlərini, elmi nailiyyətlərini araşdırmış, alimin dünya elminə töhfə
vermiş bir çox əsərlərinin dünyavi mahiyyətini açıqlamış və nəticədə bəlli olub
ki, həqiqətən də alimin bir neçə əsəri başqa müəlliflər tərəfindən
özününküləşdirilibdir.
Məlumdur ki, Tusi astronomiya, riyaziyyat, həndəsə,
etika ilə bağlı şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində
mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il
qabaqlamışdır. Əsərdə Antik dövrün ən məşhur – yunan, qədim Roma, Bizans, Misir
və erkən orta əsrlərdə tanınmış müsəlman alimlərinin coğrafiya, astronomiya,
riyaziyyat sahəsi ilə bağlı birlikdə gördükləri elmi işləri yada salmış və
Tusinin təkbaşına adı çəkilən elmlərdə böyük uğur qazanmasını qeyd edərək, onun
dahiliyini önə çəkməyə çalışmışam. Bu əsərdə göstərilir ki, İslam elmi sonradan
təşəkkül tapacaq Qərb elmindən nə dərəcədə yüksəkdə durmuş və xristianlar həmin
elmlərdən peşəkarcasına bəhrələnmişdilər.
Amerikanın kəşf edilməsində alimin yazdığı “Zic Elxani” astronomik və coğrafi koordinatlar
cədvəlindən istifadə olunması diqqəti cəlb edir. Həmin kəşfə dair və Tusinin
elmi fəaliyyəti ilə bağlı dünya alimlərini bu günədək düşündürən bir çox
sualların cavablarını əsaslandırılmış şəkildə açıqladığım həmin əsərdə
göstərilibdir. Alimin başlağıc meridianını indiki Qrinviç meridianından 340 qərb
istiqamətində göstərməsi (Braziliyanın ucqar şimal-şərq sahili), Kolumba okean
keçidində kömək etmişdi. Təəssüflər olsun ki, bu həqiqətlə
əksər xalqlar tanış deyil. Bu əsəri yazmaqla mən Tusinin dünya miqyasında necə
bənzərsiz alim olduğunu oxuculara çatdırmaq istəyirəm.
Diqqəti cəlb edən məqam odur ki, bir çox elm
ocaqlarında tədqiq olunan, Türk admiralı Piri Rəisin 1513-cü ildə tərtib etdiyi
xəritənin əsl sahibinin kim olduğunun araşdırılmasıdır.
Gəldiyim qənaətə görə qədim manuskriptlərdən
hazırlanan həmin xəritənin bir hissəsi Tusinin rəhbərliyi altında Marağa
rəsədxanasında tərtib edilibdir. Bundan əlavə mən bildirmişəm ki, həmin
xəritənin köməyi ilə Kolumb Yeni Dünya sahillərinə üzmüşdü. Sonradan həmin
material səyyahın qeydləri ilə birlikdə Piri Rəisin əlinə keçmişdi.
Bir çox alimlər astronomik kataloqlarını yaradarkən, Tusinin “Zic Elxani” əsərindən
istifadə etmişdilər. Rus alimi Lobaçevski və digər həndəsəşünaslar “Təhrir Öqlidis” əsərindən bəhrələnmiş, “Şəklül gita”nin bir nüsxəsini isə Regimontan öz adı ilə çıxarıbdır.
İsaak Nyutonun müəllimi Con Vallis “Təhrir
Öqlidis”in əsasında Oksford universitetində mühazirələr oxumaqla,
Tusinin İngiltərədə tanınmasında mühüm rol oynamışdır. Elə Kopernik də “Göy sferasının fırlanması” əsərini
işləyərkən, Tusinin“Astronomiya
xatirələri” əsərindəki “birinin diametri o birinin diametrinin
yarısına bərabər iki dairə bir müstəvi üzərindədir” teoremindən istifadə
etmişdir.
Bundan sonra yüz illər keçsə belə,
Nəsirəddin Tusinin elmi irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi
görünəcək.İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi işlərinin
demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam tədqiq edilmişdir.
Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin həyatından bəhs edən bir çox
sənədlərin səhifələri hələ də acılmamışdır. Güclü idrak sahibi olan alimin
ensiklopedik biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan
xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə bəxşiş edilən bir
elmi incidir. Zamanına görə Elmlər Akademiyasının məcmuisini özündə cəmləşdirən
N. Tusinin necə bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan
etməliik. Bir çox elmlərin arxeoloqu sayılan Nəsirəddin Tusi nəinki
Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta bütün Yer kürəsinin
istedadlı və bənzərsiz dühalardan biridir.
7) Erkən
və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri - “Braziliyanın müəmmalı kəşfi” – 180 səhifə.
“Braziliyanın
müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi
kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir.
Rəsmi olaraq Braziliya aprelin
22-i 1500-cü ildə Pedro Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf
edilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin ərazyə
P.Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın
başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə
həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə dünyanı,
Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və Tordesilyas müqaviləsinə
görə portuqallar indiki Braziliyaya yiyələnirlər. Həmin tarixi hadisədə
təsiredici hal odur ki, portuqallar Roma papasının vasitəsilə ispanların
nümayəndəsini aldatmağa müvəffəq olmuş və bu işdə D. Pireyranın səyahətinin
nəticəsi mühüm rol oynamışdır.
Bir sözlə, qeyd etmək istəyirəm
ki, adı çəkilən hər üç elmi əsər əldə olunan faktlara və fərziyyələrə görə,
coğrafi kəşflər tarixi sahəsində çalışan hər bir mütəxəssis üçün lazımi mənbə
ola bilər və bu kəşflərlə bağlı elmi ocaqlardan reaksiya verilməsinin
gözlənilməsi labüddür. Geniş oxucu kütləsinin həmin əsərlərə olan tələbatına
şübhə etməmək olar. Lakin bunun üçün həmin əsərlər rus, ingilis və digər
dillərə tərcümə olunmalıdır.
8) Erkən və
orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri “Ameriqo Vespuççi, Martin Valdzemüller –gizlin
sövdələşmə” tədqiqat
işində bütünlüklə Qərb dünyasının fəxr etdiyi A. Vespuççinin fəaliyyəti tam
ifşa edilərək, 500 illik avantürasının üstü açılır. Elə bu əsərin özü Qərb
alimləri ilə müəyyən elmi diskussiyalarda iştirak edən müsəlman alimlərinin
əlində yaxşı mənbə olar. Çünki bu əsərdə sübut edirəm ki, Vespuççi ilk dəfə
Yeni qitəyə 1501-ci ildə yola düşmüş və ona dünya şöhrəti gətirmiş 32 səhifəlik
məşhur məktubunu yazarkan Xristofor Kolumbun, Diyeqo Çankanın, Peru Vaş
Kaminyanın gündəliklərindəki abzasları bütünlüklə köçürmüşdü.
Əsərlərə diqqət
yetirsəniz, onda görəcəksiniz ki, onların elmi yükü nə dərəcədə mahiyyətlidir
və onları Azərbaycandan İspaniya, Portuqaliya, İtaliya, Fransa, İngiltərə,
Türkiyə, ABŞ, Braziliya və ümumiyyətlə, bütün Latin Amerikası ölkələrinə
verilən bir hədiyyə də hesab edə bilərsiniz. Əsərləri böyük həvəslə sizə təqim
edə bilərəm!
9) Dram
əsəri - “Fitva” romanı – 288
səhifə.
Əsərdəki hadisələr, əsasən iki
fərqli təbəqədə böyüyüb başa çatmış aşiqlərin arasında cərəyan edir. Mühəndis
ailəsində tərbiyə alan Süleyman, var-dövlətlə zəngin olan məmur ailəsində
böyüyən Sevdanı sidqi ürəkdən sevməsinə və bunun əvəzində sevgilisinin məhəbbətini
qazanmasına baxmayaraq, bir çox insanların, xüsusən də dostların xəyanətkar
müdaxiləsindən sonra onların arasına nifaq salınır. Məhz araya salınan nifaqa
görə Sevda öz məhəbbətindən imtina etməli olur və atasının təkidi ilə kobud,
zalım, ambisioz bir insana ərə gedir. Məqsəd üzərində qurulan ailə davamlı
olmur, nəticədə ürəyini Süleymana bağlayır. Sevadnın qardaşı Anarın fitvası ilə
ağlını itirmiş Zaur odlu və soyuq silahla bir neçə günahsız insanı
amansızcasına qətlə yetirir. Təəssüflə qeyd etmək lazımdır ki, belə bir
faciələri taleyin hökmü ilə zəmanənin özü doğurur.
10) Publisistik
əsər – “Qəlblərdə yaşayan Mir Cəlal” –
164 səhifə.
Mir Cəlal yaradıcı insan
olduğundan təbiətin, insan varlığının sirlərini açmağa can atmışdır. Məhz bütün
bu sirlərə yiyələnmək üçün Allah ona qeyri-adi ağlı və zakanı əta etmişdir. O,
sözün əsl mənasında əsl insan, dahi şəxsiyyət olmuşdur. Əsl insan isə bu
dünyada olan mövcudatın ən şərəflisidir. Mir Cəlal filosoflara, kamil
insanlara xas olan qabiliyyətinə - malik idi. O, böyük, müdrik, özü bir aləm
olduğundan bir çox hikmət sirlərinə yiyələnmişdir.
Bu kitabda adları hallanan tanınmış şəxsiyyətlər milyardlarla
insanın arasında zərrəcik kimi görünsələr də, onların hər biri təmsil etdikləri
xalqın mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini inkişaf
etdirməkdə bütün səy və bacarıqlarını səfərbər edərək, bununla da ölkənin
tarixini ən yüksək müstəvidə yaşadırlar.
Azərbaycanın görkəmli ədibi, pedaqoqu, ictimai xadimi
professor Mir Cəlal nəsr sahəsində barokko üslubundakı naxışları və göydəki
ulduzları xatırladan ölməz əsərlər yaratmış, pedaqoji fəaliyyəti dövründə elə
tələbələr yetişdirmişdi ki, onlar çağdaş dövrdə Elmlər Akademiyasında və elmin
müxtəlif sahələrində əvəzsiz xidmət göstərirlər. XX əsr Azərbaycan
ədəbiyyatının gözəl nümayəndələrindən biri olan Mir Cəlalın həyat və
yaradıcılığından bəhs edən bu kitab ictimaiyyətin bütün nümayəndələri üçün
maraqlı olacaq.
11) Qarabağdakı qanlı
olaylarla bağlı tarixi-bədii “Həqiqət”
romanı – 437 səhifə.
“Həqiqət” romanı Azərbaycan xalqının ağrılı yeri
olan Qarabağ problemindən söz açır. Əsərdə əsas məqsəd tarixi həqiqəti ortaya
qoymaqdır. Qarabağ hadisələrinin bir hissəsi olan Qaradağlı kəndi sakinlərinin
blokada şəraitindəki həyatı, çətinliklərə sinə gərməsi, bütün müasir silahlarla
silahlanan daşnaklara müqavimət göstərməsi, nəhayət, kəndin işğalı əks olunur.
Preambulada 1991-ci il noyabırın 20-də Azərbaycanın siyasi, dövlət, ictimai
xadimləri və beynəlxalq müşahidə missiyası nümayəndələrinin olduğu helikopterin
ermənilər tərəfindən vurulması göstərilir və cinayətin necə baş verdiyi
açıqlanır.
Roman, bir kənddə uzun müddət yaşamış
iki qonşu - azərbaycanlı və erməni ailəsindən bəhs edir. Elə ki, havadarlarına
arxalanan erməni millətçiləri və ekstremistləri Azərbaycan ərazisində quldurluq
əməllərinə başlayır, qonşular arasına düşmənçilik toxumu səpilir və ermənilər
öz məkrli planlarını həyata keçirməyə başlayırlar - azərbaycanlılara məxsus
malı-mülkü ələ keçirir, əsir düşənlərə qarşı qeyri-insani işgəncələr tətbiq
edir, onların əksəriyyətini fiziki cəhətdən məhv edirlər.
Qaradağlı kəndində baş verən faciəli
olaylarda məşhur terroristlər Monte Melkonyan, Manvel Yegizaryan və Aram
Toqromyanla yanaşı, Ermənistanın eks-prezidenti Robert Köçəryanın xüsusi rolu nəzərdən
qaçırılmır. Qaradağlı qətliamından birtəhər salamat çıxmış Əliyevlər ailəsi
qohumları və yurd-yuvasını itirəndən sonra çadır şəhərciyində məskunlaşır;
qonşuları Muradyanlar ailəsi isə onların ev-eşiyini mənimsəyərək,
Sankt-Peterburq şəhərinə gedir, orada özlərini ev-eşikləri əlindən alınan
qaçqın kimi təqdim edirlər.
Ermənilərə yazığı gələn rus ziyalısı
dövlət tərəfindən ev verilənə qədər özünün iki sot torpaq və həmin torpaqda
tikdirdiyi mənzilini onlara verir. Öz cinayətlərini ört-basdır edən Eduard Sankt-Peterbuqda
azərbaycanlıları yerli əhalinin gözündən salmaq üçün ən iyrənc şər-böhtan
kompaniyası aparır və uzun illər xeyli sayda adamları aldatmağa nail olur.
Lakin 18 ildən sonra həmin rus ziyalısı xüsusi dəvətlə İrəvana, Xankəndinə,
Eduardın anadan olduğu Qaradağlıya və xarabazarlığa çevrilmiş digər azərbaycanlı
şəhər və kəndlərinə gedib, orada əsl həqiqəti öz gözü ilə görür və ermənilərin
necə yırtıcı bir millət olduğunu dərk edir. O, Bakıya qonaq gələndə isə azərbaycanlıların
nə dərəcədə ürəyiaçıq, qonaqpərvər, tolerant bir millət olmasının şahidinə
çevrilir və doğma şəhərinə qayıdan kimi qarayaxmalarla, iftiralarla məşğul olan
erməni ailəsini qovaraq, dərs verdiyi universitetdə təhsil alan, həqiqi mənada
qaçqın olan azərbaycanlı tələbəsinə həmin evdə məskunlaşmaq icazəsi verir.
Romandakı obrazlar beynəlmiləl xarakter
daşıyır – azərbaycanlı qaçqın ailəsi, həyasız erməni ailəsi, rus ziyalısı,
gürcü pedaqoqu, yəhudi biznesmeni, Bakıda əmin-amanlıq şəraitində öz ailəsi ilə
birgə yaşayan erməni qadını, Stavropolda məskunlaşan Bakı və Sumqayıt erməniləri.
Hadisələrin miqyası da kifayət qədər genişdir: ermənilər tərəfindən həyata
keçirilən genosid və vandalizm, çağdaş sivilizasiyaya uyğun olmayan vəhşiliklər,
soyğunçuluq, qətl, mənimsəmə və özününküləşdirmə siyasəti, dünyanın bir çox
yerlərində Azərbaycana qarşı aparılan iyrənc təbliğat... Əsərdə bir neçə əsr əvvəl
Qafqazın cənubunda baş verən olaylardan da danışılır. Hadisələrin kuliminasiya
nöqtəsi özlərini məzlum, əzabkeş, əzilmiş, qaçqın kimi təqdim edən erməni ailəsinin
planlarının alt-üst olması, onların ifşa olunması epizodlarında öz əksini
tapır.
Aktual bir mövzuya həsr olunmuş “Həqiqət” romanı Qarabağda baş verən
hadisələrin müəyyən bir dövrünü tarixi obyektivliklə əks etdirməsi baxımından gənc
nəslin dünyagörüşünə müəyyən istiqamət verə bilər.
12)
Mənəviyyatla bağlı trilogiya, I cild – “Qismət” romanı
- 280 səhifə.
Əsərdə cərəyan edən hadisələr
cəmiyyətdə baş verən müəyyən prosesləri özündə əks etdirir. Bir çox ailələrdə,
xüsusən də, təlim-tərbiyəyə önəm verilməyən ailələrdə Avropaya inteqrasiya adı
altında adət və ənələrdən uzaqlaşma baş verir. Sırtıqlıq, abırsızlıq,
həyasızlıq, əxlaq və mədəniyyətə üstün gəlir. Bu, problem başağrısına
çevrildiyindən ziyalılar, alimlər, alicənab insanlar, təfəkkür sahibləri
həyəcan təbili çalmağa başlayırlar. Burada əxlaq, mənəviyyat uğrunda mübarizə
aparan bir müxbir; mənəviyyatı maddiyyatdan üstün tutan rəssam qız, halbuki
füsunkar gözəlliyi ilə özünü hər hansı bir sponsora qurban verərək varidat
toplamağa imkanı var; pula, zəngin həyata hərisli olan, həya-abırını itirərək
bədənini alver mənbəyinə çevirən naşı müğənni; həmin müğənninin sponsoru olan
və onunla eşq-macəra həyatı sürən vergidən yayınan, asan gəlir mənbəyi əldə
edən yaşlı biznesmen; müğənninin havadarından əldə etdiyi pulları hiylə yolları
ilə mənimsəyən, onunla yüngül həyat tərzi keçirən alfons oğlan; əxlaq və
tərbiyəyə zidd olan bütün naqis hərəkətlərə sinə gərən ziyalı ailələrin
fəaliyyəti maraqlı səhnələrin yaranmasına rəvac verir. Oxucunu diqqət
mərkəzində saxlayan o haldır ki, həm müxbirin ailəsi, həm onlarla yaxın olan
ziyalı ailəsi, həm də məşuqəsi olan müğənniyə bağ evi alan və vaxtının müəyyən
hissəsini onunla bir yerdə keçirən həmin yaşlı biznesmen bir-biriləri ilə yola
getməyən bağ qonşularıdırlar.
Bütün bu təzadlar fonunda iki
gəncin qeyri-adi məhəbbəti önə çəkilir. İş ondadır ki, yaxın rəfiqələr
bir-biriləri ilə qohum olmaq istəyirlər. Lakin bu yerdə anlaşılmamazlıq
ucbatından əsl sərgüzəştlər baş verir...
13)
II cild – “Aqibət” romanı
– 276 səhifə.
Dünyaya olan baxışları və
aldıqları tərbiyə ilə bir-birindən fərqlənən insanların qonşu kimi yaşaması,
istər-istəməz onların arasında böyük ədavətin yaranmasına gətirib çıxarır. Yeni
qonşu olan müğənni Zemfira neft sənayesində uzun müddət işləmiş Arif adlı
ziyalının və Elmlər Akademiyasının elmi işçisi Xədicənin ailəsi ilə yola getmir
və özünün tərbiyəsiz hərəkətlərilə həmin qonşularda ikrah hissi yaradırdı.
Bundan əlavə bəlli olur ki, həmin qondarma müğənni əsl havadarını aldadaraq, ona
aldığı evdə, tamamilə başqa bir oğlanla görüşüb xəyanət edir.
Yüngül həyat tərzi keçirən Zemfira
adlı naşı müğənnini qəzet səhifələrində ifşa edən Əliyusif adlı müxbir həmin
müğənni və onun havadarları tərəfindən kəskin təzyiqllərə məruz qalır. Lakin bütün
bu təzyiqlərə baxmayaraq müxbir televiziya kanallarında istedaddan kənar olan
“müğənniləri”, mənəviyyata zidd olan hadisələri, mentalitetə təsir edən bazar
qalmaqallarını, kənar mədəniyyəti təbliği ilə məşğul olan verilişləri tənqid
atəşinə tutur və paralel olaraq istedadları, sənətkarları, əxlaq kodeksinə
riayət edən müğənnilərin fəaliyyətini önə çəkib, onları öz adları ilə saf
cəmiyyətə təqdim edir.
Neqativ hallara göz yuman bəzi
işbazlar və redaksiya rəhbərləri Əliyusifi sıxışdırmağa başlasalar da o, öz
əqidəsindən dönməyərək, mübarizəsini davam etdirir. Ondan sonra Zemfira
qonşusunu şərləməyə qərara alır. Bunun üçün o, ilk növbədə Əliyusif ilə xoş
münasibət quraraq, prinsipial müxbiri öz tərəfinə çəkməyə çalışır. Alfons
havadarı olan Namiqin planına əsasən, Zemfira qonşusunun boynuna oğurluq yıxıb
onu tutdurur.