Thursday, November 27, 2014

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ ***
DƏK Seriyasından növbəti yeni 3 kitab çap olundu. Qarşılayın !!!
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 103 kitab artıq nəşr olunub.


1. Ayzek Azimov. “Seçilmiş əsərləri”
2. Corc Bernard Şou. “Seçilmiş əsərləri”
3. Xorxe Luis Borxes. “Seçilmiş əsərləri”

----------
Ayzek Azimov. “Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2010, 528 səh.

Ayzek Azimov XX əsr dünya fantastikasının ən görkəmli nümayəndələrindən biridir. Yaradıcılığında 500-ə yaxın fantastik, detektiv, elmi-populyar, tarixi tədqiqatlar və yumoristik əsərlərin, Bibliya və Şekspir üzrə izahların, üçcildlik avtobioqrafik və başqa kitabların müəllifidir. Artıq bu qısa sadalama yazıçının yaradıcılıq diapazonunun nə qədər geniş olduğunu göstərir.
Yaradıcılığının ilk çağlarında Ayzek Azimov fantastikasının əsas istiqamətləri və xüsusiyyətləri müəyyənləşir, həm hekayə janrında, həm də romanlarda yazıçının silsilələrə üstünlük verməsi aydın olur. Onun "Seçilmiş əsərləri" kitabına "Təməlçilər", "Kosmik axınlar" romanları, "Peşə", "Gəlin yığışaq", "Marslıların yolu", "İki yüz yaşlı adam" hekayələri daxil edilmişdir.
Ayzek Azimov bu gün də əsərlərində yaşayır, yeni-yeni oxucu kütlələrinin qəlbinə yol tapır. Azərbaycan oxucularına təqdim etdiyimiz kitab buna ən bariz misaldır.

--------

Corc Bernard Şou. “Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 488 səh.

Hazırcavab, acıdil, müdrik, təkrarsız, ən ciddi məsələyə belə qeyri-adi ironiya ilə yanaşmağı bacaran, güclü yumor hissinə malik insan... Corc Bernard Şou haqqında deyilən bütün fikirləri bu sözlər birləşdirir. 70-ə yaxın pyes müəllifi öz sözünü güclü yumor və sarkazmla, lakonik dialoqlardakı dərin ironiya ilə oxucularına çatdırır. Əlbəttə, yaradıcılığının zirvədə olan vaxtında Şou realizmdən kənara çıxıb və müəyyən cəsarətli eksperimentlər aparmaqdan da çəkinməyib. Epistolyar janrda sistemli olaraq yazmaq vərdişinə isə sona qədər sadiq qalıb.
O həm Nobel, həm də Oskar mükafatı alan yeganə yazıçıdır.
Corc Bernard Şounun "Seçilmiş əsərləri" kitabına "Avqust öz payına düşəni yerinə yetirir", "Piqməlion", "Ürəkləri parçalayan ev", "Mayor Barbara", "Acı da olsa, həqiqətdir" pyesləri daxil edilmişdir.
Ömrünün sonuna qədər yazıdan ayrılmayan nadir istedad sahibi Bernard Şou bütün əsərlərini yüksək peşəkarlıq və sadə üslubla qələmə almışdır. Yazıçının bu üslubu onun oxucu kütləsini daha da artırır.

---------

Xorxe Luis Borxes. “Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 360 səh.

XX əsr söz sənətinə ən sanballı yeniliklər gətirən qələm sahibləri arasında Xorxe Luis Borxesin adı həmişə ön sıralarda çəkilir. Yaşadığı dövrün ən böyük yazıçılarından olan Borxes şair və publisist kimi də tanınır. O, ispan dilinin şərəfini, Argentina və Latın Amerikası ədəbiyyatının ləyaqətini qorumağı bacaran söz ustalarındandır.
X.L.Borxesin "Seçilmiş əsərləri" kitabında verilən "Əlif", "Qum kitabı", "25 avqust 1983-cü il", "Babil kitabxanası", "Xarabalıq dairələri" və s. novella, hekayə, esse və araşdırmaları onun yaradıcılığının ən mühüm hissəsini təşkil edir. Yaradıcılığında "yol" və "görüş" metaforaları çox qabarıqdır. Yazıçının aləmində yollar əvvəlcədən müəyyənləşdirilib, onların əvvəli-sonu bilinmir; görüşlər təkcə üz-üzə gəlmək, personajların rastlaşması, yaxud yolların ayrılması deyil, həm də yolların birləşdiyi, kəsişdiyi, ayrıldığı məhdud məkandan çıxmaq üçün imkanlar açır.

Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.

Abunə yazılmaq istəyənlər üçün:
http://kitabklubu.org/arxiv/dak-abune.htm


No comments:

Post a Comment