Monday, September 29, 2014

Cabua Amirecibi 
"Data Tutaşxia"
(Tərcüməçi: Emin Elsevər (Mahmudov)

Romanın müəllifi Cabua Amirecibi 1921-ci ildə Gürcüstanda anadan olub. Dissident həyatı yaşayan C. Amirecibi Tiflis Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, bir ildən sonra filologiya fakültəsinə keçmişdir. 1941-ci ildə müharibə başlanan günün səhəri dərhal cəbhəyə aparılmışdır. Lakin valideynləri 37-ci ilin repressiyasına məruz qaldıqları üçün C. Amirecibi “düzgün çağırılmamış” kimi ordudan tərxis edilmişdir. O, qeyri-leqal “Tetri Giorgi” antisovet təşkilatının banilərindən biri olmuş, 1943-cü ildə silahlı üsyana hazırlıq ittihamı ilə tutularaq 25 il azadlıqdan məhrum edilmişdir.

Sonra bu cəza güllələnmə ilə əvəz edilmiş, nəhayət, bu da yenidən 25 il azadlıqdan məhrumetmə ilə əvəz olunmuşdur. Həbsdə olduğu zaman 3 dəfə qaçmışdır. C. Amirecibi məhbusluqdan 1959-cu ildə qayıtmışdır. 1970-74-cü illərdə Gürcüstan-ABŞ birgə müəssisəsi olan “Amsakfilm”in yaradıcısı və direktoru, “Kino” almanaxının banisi və redaktoru olmuş, “Gürcfilm”də bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Bədii yaradıcılığa 1960-cı illərdən başlayan C. Amirecibinin məşhur romanı “Data Tutaşxia” 1972-ci ildə “Siskari” (Göyqurşağı) jurnalının bir aneçə nömrəsində çap olunmuşdur. Əsər bir neçə dilə tərcümə edilmiş, elə həmin ildə bu romanın ssenarisi əsasında eyniadlı çoxseriyalı kinofilm çəkilmiş və 1981-ci ildə filmin yaradıcı heyəti ilə birlikdə C. Amirecibiyə SSRİ Dövlət mükafatı verilmişdir. Beynəlxalq mükafatlara və titullara layiq görülən C. Amirecibinin tərcümeyi-halı Kembricin və ABŞ-ın bioqrafik məlumat kitabçalarına daxil edilmişdir.
Əsərdə bir-birinə qarşı duran qəhrəmanların - Data Tutaşxianın və Muşni Zarandianın mübarizəsini hər bir insanın öz daxili aləmindən süzülüb gələn özünün-özünə qarşı mübarizəsi kimi qəbul etmək olar. Xeyirlə Şərin mübarizəsi, vicdan, güc, dostluq, qardaşlıq, millət, xalq, bizi qoynunda yaşadan Dünya barədə fəlsəfi düşüncələr romanın məhək daşlarını, dayaq nöqtələrini təşkil edir.

“Tiflis”, 2010, 626 səh., 14x20, bərk
ISBN 978-9941-400-48-3





No comments:

Post a Comment