Sunday, December 13, 2015

Ceyms Corc Frezer / "Qızıl budaq"

(Maqiya və dinin tədqiqi)



Kitab klubu bəşəriyyət tarixinin ən dəyərli kitablarından biri olan «Qızıl budaq» kitabını nəşr etməyi planlaşdırır. 

Kitabın müəllifi şotland antropoloqu ser Ceyms Corc Frezerdir. 
Tərcüməçisi Yusif Rəhimoğludur. 


Bu kitab

- qədimlərdən bəri yer üzündə olmuş və olan ən inanılmaz, ən qəribə, ən maraqlı adət-ənənələri təsvir
və bunların əsasında
- magiya, din və elm haqqında edilmiş fundamental fərziyyələr və çıxarılmış qlobal nəticələri əhatə edən köklü elmi-tədqiqat əsəridir.

Macəra ədəbiyyatı qədər maraqlı, dünyaya baxışınızı dəyişdirəcək qədər təsirlidir.
Kitabı hər şeylə maraqlanan həvəskar səviyyəsində oxuyub ləzzət almaq, tədqiqatçı səviyyəsində – əldə qələm – öyrənib, elmi fayda götürmək olar.

Adət-ənənələr, magiya, din və elmin yaranması ilə maraqlananlar və bu fenomenləri öyrənənlər – etnoqrafiya, filologiya, tarix … fakültələrinin tələbələri, magistrlər, aspirantlar, elmi işçilər üçün nəzərdə tutulub.
Yüz ildən artıqdır ki, «Qızıl budağa» olan tələbat azalmır və o, dövri olaraq nəşr edilir.
Əziz oxucu. İstəyimiz belə məzmunda kitabın sizi nə dərəcədə maraqlandırdığını öyrənməkdir. Verəcəyiniz hər səs (LİKE) kitabın nəşrini tezləşdirəcək və onun satış qiymətini aşağı salacaqdır. Uğurlu və xeyirli olsun.
Kitabda təsvir edilmiş yüzlərlə adətdən bir neçəsi ilə tanış olun:
Madam ki, kölgə insan və ya heyvanın həyati vacib hissəsidir, demək ona toxunma bəzi hallarda elə onların bədənlərinə toxunma qədər təhlükəli ola bilər. Buna görə də vəhşi adam hansı səbəbdənsə təhlükəli saydığı bəzi şəxslərin kölgələrindən bir qayda olaraq qaçınmağa çalışır. Bu cür insanlar sırasına o, bir qayda olaraq, ağıçıların hamısını, qadınları və xüsusən də qaynanasını aid edir. Şusvap hinduları inanırlar ki, ağıçının kölgəsi insanın üzərinə düşsə, o, dərhal azarlayar. Avstraliya aborigenlərinin kurnai qəbiləsində (Viktoriya) inisiasiya (kişiliyə qəbul,- tərc.) zamanı gəncləri xəbərdar edirlər ki, üzərlərinə qadın kölgəsi düşməməlidir, yoxsa onlar arıq, tənbəl və axmaq olarlar. Belə söyləyirlər ki, bir avstraliyalı aborigen ağac altında yatarkən ayaqlarına qaynanasının kölgəsi düşdüyünü biləndə az qalıb qorxudan ölsün. Vəhşi insanın qaynanasına münasibətindəki bu xurafatçı xof ən çox bəlli olan antropoloji faktlardan biridir. Yuin tayfalarında (Yeni Cənubi Uels) kişinin öz qaynanası ilə hər cür təmasına ciddi yasaq qoyulurdu. O, nəinki qaynanasına, ona tərəf belə baxa bilməzdi. Kişinin kölgəsi təsadüfən qaynanasının üzərinə düşürdüsə, bu, boşanma üçün bir əsas olurdu. Be halda ər arvadını buraxmalı, arvad isə öz ata evinə qayıtmalı idi. Yeni Britaniya sakinlərinin təxəyyülü kişinin təsadüfən öz qaynanası ilə danışmasının dərhal törədə biləcəyi fəlakətlərin miqyasını təsəvvür etməkdə acizdir; belə kişi üçün ən yaxşısı özünü öldürməkdir. Yeni Britaniya aborigenlərinin ən təntənəli andı belədir: “Ser, yalan deyirəmsə, qoy qaynanamla əl verib görüşməli olum.”

Qallaslarda qadın təsərrüfat qayğılarından usananda rabitəsiz sözlər danışmağa və özünü qəribə aparmağa başlayır. Bu onun əlamətidir ki, ona müqəddəs ruh Kallo nazil olmuşdur. Əri dərhal onun ayaqlarına düşür. Bundan belə kişi ona“arvadım” yox, “hökmdarım” kimi müraciət etməlidir. Daha qadın ev işlərinin qeydinə qalmır və hər bir buyruğu ilahi qanuna çevrilir.

Saçları qırxdırmaq zərurətə çevrilirsə, bu əməliyyat ilə bağlı riskləri minimuma endirmək üçün tədbirlər görülür. Fici adasındakı namosi tayfasının başçısı saçını qırxdırmaq zərurəti qarşısında qalanda, saçını qırxan adamı, hər ehtimala qarşı, yeyirmiş.
Malay cadugərliyinin, ocibveylərin  cadugərliyini daha çox xatırladan başqa bir forması boş pətəkdən götürülmüş mumdan ayaq pəncəsi boyda oxşarın (kuklanın) düzəldilməsindən ibarətdir. Onun gözlərini çıxarın ­– düşməniniz kor olacaq; qarnını deşin –xəstələnəcək, başına iynə batırın – baş ağrıları başlanacaq, sinəsini deşin – xəstə düşəcək. Amma düşməndən biryolluq can qurtarmaq istəyirsinizsə neştəri elə sancın ki, kuklanın başından girib ayağından çıxsın, onu meyit kimi kəfənə bükün; üstündə cənazə duası oxuyun; yolun ortasında, qurbanınızın onu mütləq tapdalayacağı bir yerdə basdırın. Qanın boynunuzda qalmasını istəmirsinizsə belə deyin:
Onu mən basdırmıram,
Müqəddəs Qavriil (Cəbrayıl) basdırır.
(Xristianlarda ölüm mələyi kimi Əzrayıl deyil, Cəbrayıl qəbul edilir.)

Beləliklə, qətlin vəbalı mələk Cəbrayılın boynunda qalacaqdır ki, onun da bu məsuliyyət yükünü daşıması çətin olmayacaq.


No comments:

Post a Comment