Wednesday, October 9, 2013

Verner fon Simens
“Qafqaz səfərləri”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Verner fon Simensin Qafqaza səyahət xatirələri ilk dəfə Azərbaycan dilində nəşr olunmuşdur. “Qafqaz səfərləri” adlanan əsəri alman dilindən Azərbaycan dilinə Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı Azər Babayev tərcümə etmişdir. Bu kitab Azərbaycan tarixşünaslığına töhfə, xüsusən də bölgələrimizin tarixini öyrənmək üçün mühüm əhəmiyyəti olan əsərdir.
Elektrotexnikanın yaradıcısı kimi dünyada məşhur olan Simens AG-nin qurucusu Verner fon Simens Azərbaycanda həm də başqa bir səbəbdən məşhurdur. Bu da onun qardaşları Karl və Valterlə birlikdə 1864-cü ildə Gədəbəydə mis mədənini alması və özünün də dediyi kimi, uzun müddət bu “cənnət məkanda”kı fəaliyyəti ilə bağlıdır.
Verner fon Simens həyat xatirələrini 1889-1892-ci illərdə qələmə almışdır. “Ömür xatirələri” (alm. Lebenserinnerungen) adlı əsərində o, Qafqaz regionuna səfər xatirələrindən fərəh hissi ilə bəhs etmişdir. XIX əsrin ikinci yarısında üç dəfə - 1865-ci, 1868-ci və 1890-cı illərdə Gədəbəyə səfərləri zamanı rəhbərlik etdiyi firmanın dağ-mədən fəaliyyətindən, Qafqazda, xüsusən də Gürcüstan və Azərbaycanda yaşadıqlarından, habelə başına gəlmiş çox maraqlı və təhlükəli sərgüzəştlərdən söhbət açmışdır.
Əsərdə Verner fon Simensin Gədəbəyin təbiətini və yerli əhalisini ən gözəl sözlərlə tərənnüm etməsi diqqəti cəlb edir.
Bu nəşrlə Verner fon Simensin Qafqaza səfər xatirələri ilk dəfə ana dilimizdə Azərbaycan oxucularının diqqətinə təqdim olunmuşdur.
Yeni nəşrə əsərin alman dilindəki əsli də əlavə edilmişdir.



No comments:

Post a Comment