Monday, August 25, 2014

Təranə Cəbiyeva
"Bakı kəndlərinə səyahətim" 
(ensiklopedik-etnoqrafik kitab)

Bakı kəndlərinin etnoqrafiyası, o cümlədən mədəniyyəti, adət-ənənələri, dini inancı ətraflı araşdırılıb. Burada tarixi abidələr və memarlıq nümunələrinin hər biri öz tarixçəsi ilə kitaba oxucuların böyük marağını qazandırır. Tarixə aid səhifələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1918-ci il mart soyqırımı barədə mühüm faktlar, həmçinin həmin ilin sentyabrında xilaskar türk ordusunun Bakıya daxil olması da təfərrüatı ilə əks olunur.

Dörd bölmədən ibarət yeni nəşrdə Şərq və Qərb memarlığının həmişəyaşar ənənələrini məharətlə birləşdirən qədim məkan - Bakının mənbələrdə əks olunmuş tarixinə ayna tutulub. Müəllif çalışıb ki, hər bir kənd haqqında oxucuda ətraflı və dolğun təsəvvür yaratsın. Bu kitab Bakı kəndlərinə çox maraqlı bir səyahətdir. Hər bir kəndin maddi mədəniyyət abidələri - türbələr, qədim hamamlar, ocaqlar, ziyarətgahlar, məscidlər, körpülər, toponimləri, eləcə də məşhur şəxsiyyətləri haqqında məlumat verilib.

"Bakılı alimlər" bölməsində isə bu torpaqdan pərvazlanmış görkəmli şəxsiyyətlər haqqında maraqlı oçerklər qələmə alınıb. Eləcə də "Bakılı şairlərin söz xəzinəsindən" verilən seçmələrdə paytaxtımızın və onun ətrafındakı kəndlərin poeziyada necə tərənnüm edildiyi diqqət çəkir. "Arxiv sənədləri" bölümündə isə müəllif həmin mənbələrin fotosurətini verərək hələ XVIII-XIX əsrlərdə Bakı ilə əlaqədar imzalanan bir sıra fərmanları, onun əhalisinin sayını, sakinlərinin məşğuliyyətini oxucuların diqqətinə çatdırıb.



No comments:

Post a Comment